Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına dair köçlə bağlı statistik məlumatlar məlum olub.
FED.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, hesabat ilində işğaldan azad olunmuş rayonların təhlükəsiz zonalarına təsərrüfatların köçürülməsi həyata keçirilib. İşğaldan azad olunmuş ərazilərə köçürüləcək təsərrüfatların təhlükəsizliyinin təmin edilməsi, köçün vaxtı, istifadəyə və icarəyə veriləcək örüş, otlaq və biçənək sahələrinin dislokasiyası barədə ictimaiyyətə əvvəlcədən məlumat verilmiş və maarifləndirmə işləri həyata keçirilib.
Eyni zamanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına köçürülmüş təsərrüfat sahibləri üzrə də gender təhlili aparılıb.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına 3698 fermer və 22426 nəfər köməkçi köçüb. Onlardan 6383 nəfəri qadın, 19731 nəfər kişidir.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müvafiq şirkətlər üzrə 257 işçi çalışır ki, bu işçilərin də 242 nəfəri kişi, 15 nəfəri isə qadındır. (Apa)