Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və yenilməz Ordumuzun əldə etdiyi möhtəşəm Qələbənin sonsuz sevinc və qürur hisslərini yaşadığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı da uğurla davam edir.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 7 rayonda 35 fərdi yaşayış evi (o cümlədən Qəbələdə 10, Şəkidə 8, Daşkəsəndə 6, Lerikdə 5, Kürdəmirdə 4, Oğuzda 1, Gədəbəydə 1) bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.
Qəbələ rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib.
Tarixi zəfərimizlə başa çatan 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev haqq savaşımızda yaralanmış hərbçilərə öz hörmətini ifadə etmək üçün onlarla görüşüb. Görüşdə Ali Baş Komandanımızın verdiyi tapşırığa uyğun olaraq, Nazirlik tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün müvafiq işləri yerinə yetirəcəkdir.
Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri ərazilərimizin Ermənistanın işğalından azad edildiyinə görə fərəh və sevinclərini bölüşüblər. Onlar tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi qızıl hərflərlə yazılan Böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə ediblər. Yenilməz Ordumuzun dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin haqq savaşında yüksək vətənpərvərliyə və döyüş hazırlığına əsaslanan misilsiz rəşadətindən iftixar hissi keçirdiklərini vurğulayıblar.
Şəhid ailəsi üzvləri və müharibə əlilləri onların sosial müdafiəsinə daim xüsusi qayğı göstərilməsindən də razılıqla bəhs edib, bu qayğıya və yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər. Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, bu sarsılmaz birliyin qarşıdakı dövrdə də xalqımıza daim qələbələr gətirəcəyini vurğulayıblar.
Ümumilikdə ötən dövrdə 8353 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Loqo vur