Cəbhədə baş verən son proseslərlə bağlı Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi cinayətlərin və işğalçı siyasətinin ifşa edilməsi və ölkəmizin haqlı mövqeyinin İsveçrə ictimaiyyətinə çatdırılması istiqamətində paytaxt Bern şəhərindəki Azərbaycan Respublikasının Səfirliyi ardıcıl və məqsədyönlü şəkildə işlər aparmaqda davam edir.
Eləcə də bax: Vartan Sirmakes Vejnəlidə 302 milyon dollar qazanıb
FED.az xəbər verir ki, bu xüsusda, son olaraq, səfir Xanım İbrahimova İsveçrənin italyan dilli Tiçino kantonunun ən nüfuzlu radiosunun qonağı olub və son hadisələr barədə geniş məlumat verib. Proqramda həmçinin qonaq qismində “Venesiyanın Ca "Foscari” Universitetinin Orta Asiya Tarixi üzrə professoru Aldo Ferrari, Xandənki şəhərində fəaliyyət göstərən müstəqil jurnalist Filippo Rossi və İtaliyanın Trentoda şəhərindəki Balkanlar və Qafqaz Mərkəzinin tədqiqatçısı Simone Zoppellaro iştirak edib. Tiçino kantonunda erməni lobbisinin ənənəvi olaraq yüksək siyasi dairələrlə əlaqələri və erməni diaspor üzvlərinin müxtəlif mətbuat mərkəzləri ilə sıx əməkdaşlığı çərçivəsində qeyd olunan radio proqramının ən çox dinlənilən vaxtda efirə getməsi mühüm əhəmiyyət kəsb edib.
Səfir Xanım İbrahimova radio proqramda sentyabr ayından etibarən başlayan döyüşlər zamanı üç dəfə humanitar atəşkəsin elan olunduğunu, lakin Gəncə və Bərdə şəhərləri başda olmaqla cəhbə bölgəsindən uzaqda yerləşən digər şəhər və qəsəbələrdə Ermənistanın işğalçı qüvvələri tərəfindən dinc əhaliyə qarşı cinayətlərin törətdildiyini və nəticədə çoxlu sayda mülki şəxsin yaralanaraq həlak olduğunu, bununla da elan olunan humanitar atəşkəslərin kobudcasına pozulduğunu bildirib.
Suriyadan çoxlu sayda döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı Ermənistan tərəfindən yayılan xəbərlərin tamamilə yalan olduğunu, bu iddialar ilə bağlı heç bir əsaslı sübutun göstərilmədiyini, Türkiyə Respublikasının isə regionda sabitləşdirici xarakter daşıyıcısı və Azərbaycanın müttəfiqi kimi mənəvi dəstək verdiyini bildirib. Həmçinin BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunan Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə dört qətnaməsini bir daha xatırladıb və 30 ilə yaxın davam edən bu ədalətsizliyin davam edə bilməyəcəyini qeyd edib.
Daha sonra, Səfir Xanım İbrahimova Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı müxbirə məlumat verib, həmin kəndin əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş şirkətlər və şəxslər barədə diqqətə çatdırıb. Xüsusilə, İsveçrə Konfederasiyasının vətəndaşı, “Goldstar” şirkətinin və “Frank Muller” saat brendinin rəhbəri olan erməni əsilli Vartan Sirmakesi ifşa etmiş və uzun illər ərzində qızıl yataqlarının qanunsuz istismara məruz qaldığı bildirib. Məhz bu səbəblə, o, Azərbaycan Baş Prokurorluğu tərəfindən işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasda məsuliyyətə cəlb olunacaqlarını açıq şəkildə vurğulayıb. (Qafqazinfo)