Füzulinin Dövlətyarlı kəndində hazırlıq işləri tamamlanıb və bu kənd "Ağıllı kənd" layihəsi kimi sistemləşdiriləcək.
Füzulidə “Ağıllı kənd” layihəsi ilə bağlı 1 milyonluq tenderi – BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, eləcə də burada alternativ enerji mənbələrindən, "yaşıl enerji"dən istifadə ediləcək: "Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də burada məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq. Cuvarlı, Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində isə layihələndirmə işləri davam etdirilir. Həmçinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır".
Xidmət rəsmisi qeyd edib ki, Füzuli şəhərinin mərkəzində Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə məskunlaşıb: "Bu isə 3132 nəfər sakin deməkdir. Şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbəli evlər inşa edilib. Baş plana uyğun olaraq şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. Bundan əlavə Füzulidə Özbəkistan tərəfindən inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 saylı məktəb, Qazaxıstan tərəfindən inşa olunmuş "Kurmqanqazı Uşaq yaradıcılıq Mərkəzi" də fəaliyyət göstərir". (Report)