Şuşa yaxınlığında əl qumbarası ilə təxribat törədərək üç azərbaycanlı hərbçinin yaralanmasına səbəb olan 1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyan Ermənistana təhvil veriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə erməni mediasının məlumatında deyilir. Bildirilir ki, Mirzoyan hazırda Rusiya sülhməramlı kontingentinin mərkəzi qərargahındadır və bir neçə saat sonra o, qarşı tərəfə təhvil veriləcək.
Xatırladaq ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də açıqlama yayıb. Açıqlamada deyilirdi ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 5 madəsi üzrə cinayət işi açılıb. Bunlar aşağıdakılardır:
29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd),
29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd),
29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd),
214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə),
228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə).