"Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin. Ona görə, məsələn, hər rayonda 3-4 kəndin birinci mərhələdə qurulması nəzərdə tutulur, eyni zamanda, əlbəttə ki, şəhərlər də daxil olmaq şərti ilə. Ancaq, məsələn, söhbət Laçın rayonundan gedirsə, Laçın rayonunda birinci mərhələdə qurulacaq bütün kəndlərin adları təsdiqləndi və biz birinci mərhələdə bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirəcəyik. Çünki bu, həm onların yaşaması, eyni zamanda, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir".
İlham Əliyev Məsim Məmmədovu - QƏBUL EDİB - TAM MƏTN
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışı zamanı bildirib.
Prezident çıxışına belə davam edib:
"Bizim bütövlükdə təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, digər bölgələrimizdə də dağ rayonlarında kəndlər bir-birindən aralı yerləşirdi və bu, bir çox hallarda insanların rahat yaşamasına o qədər də imkan vermirdi. Yəni, bu, ənənəvi olaraq belə qurulmuşdur. Əlbəttə ki, azad edilmiş torpaqlarda indi və gələcəkdə hər bir kənd bərpa ediləcək. Ancaq Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni bunda görür ki, biz yaxında yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl şərait yaradaq. Yəni, biz şəhər tipli kəndlər quracağıq və mən qurulacaq bütün kəndlərin Baş planını təsdiqləmişəm. Eyni zamanda, kəndlərin xarici görkəmi də təsdiqlənib və yenə də deyirəm, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən çox gözəl olacaq.
Əlbəttə ki, bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir, siz də mənim nümayəndəm kimi bilməlisiniz, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Yəni, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır. Əminəm ki, öz dədə-baba torpaqlarına qayıdacaq bütün keçmiş köçkünlər, bax, bu amalla yaşayacaqlar. Dövlət orqanları onlara kömək etməlidir və nəzarət etməlidir ki, hər şey qayda-qanunla həll olunsun, tənzimlənsin.
Biz Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacağıq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur, bu layihə həyata keçirilmişdir. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var.
Yəni, bütün bu işlər yoluna qoyulacaq. Yenə də deyirəm, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bax, mənim tapşırıqlarım bundan ibarətdir, siz mənim etimadımı doğrultmalısınız".
Prezident qeyd edib ki, müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir:
Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.
Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir.
Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Xaricdə yaşayan ermənilər Zabux kəndində, yenə də deyirəm, o cinayəti törədən Ermənistan dövləti ilə birlikdə bir kənd salmışdılar, evlər tikmişdilər. O evlərdə indi bizim hərbi birləşmələrimizin şəxsi heyəti yerləşir. Ancaq Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır.
Bununla yanaşı, bildirməliyəm ki, Güləbird və Qorçu kəndlərinin Baş planı mənim tərəfimdən təsdiqləndi. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Yəni, gətirdiyim bütün bu rəqəmləri nəzərə alaraq, hər kəs görə bilər ki, yaxın gələcəkdə - bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik.
Onu da bildirməliyəm ki, Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Yəni, bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək,- nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var,- bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik".