Qanunlarımıza əməl edən Qarabağda yaşayan erməni əsilli şəxslər Azərbaycan vətəndaşlığını ala biləcək.
FED.az xəbər verir ki, bunu "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçiridin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, Qarabağda yaşayan şəxslərlə bağlı qərarı Azərbaycan dövləti verir.
“Bununla bağlı hər hansı qərar olarsa, biz də o qərarı icra edəcəyik. Erməni əsilli vətəndaşlarımızla bağlı ölkə başçısının dəqiq strateji baxışı var. Bizim qanunlara əməl edən şəxslər Azərbaycan vətəndaşlığını ala biləcəklər. O halda onlara sənəd verilməsi üçün səyyar və ya ASAN xidmət təmin olunacaq", - deyə agentlik rəhbəri vurğulayıb. (Xəzərxəbər)