Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb.
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN
FED.az müsahibədən bir hissəni təqdim edir:
Müxbir: Siz artıq əhaliyə və dövlətlərə mesajlar, o cümlədən təminatlar vermisiniz ki, istəsələr onlara qalmağa icazə veriləcək, onlar qorunacaqlar və burada yaşamağa icazə veriləcək. Bu gün ola bilsin ki, bizi izləyən ermənilərə mesajınız varmı? Şərt deyil bu, hökumət olsun, mən bilirəm, Siz baş nazir Paşinyanla təmasdasınız və ona mesaj göndərmək üçün bizim kameralarımıza ehtiyacınız yoxdur. Bəs ola bilsin ki, bizi izləyən başqa ermənilərə gəlincə necə? Bu gün qarşı tərəfə mesajınız nədən ibarətdir?
Prezident İlham Əliyev: Mən bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə bu sual verilir.
Müxbir: Həqiqətənmi?
Prezident İlham Əliyev: Bəli. Düşünürəm ki, mən sualı iki hissəyə bölərdim. Birincisi, əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.
Beləliklə, erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımız bir vaxtda? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm.
Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.
Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər.
Burada, Şuşada işğal dövründə tikilmiş üç villa var. Maraqlanırsınızsa, sizə onları göstərə bilərlər. Bu villalar Qarabağ ermənilərinin liderləri üçün tikilmişdi. Onlar bunu özləri üçün tikmişdilər. Şəhər tamamilə xarabalıqlar içərisində idi. Sizin indi gördükləriniz, o cümlədən bu “Qarabağ” hoteli, icra hakimiyyətinin binası, mehmanxanalar və hər şey bizim yenidənqurma prosesinin başlanğıcıdır. Onlar şəhərin ən yaxşı yerində özləri üçün 3 villa tikiblər. O insanlar ki, bu gün həmin qondarma, tanınmamış respublikaya rəhbərlik edirlər. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm.