“Ermənistanın özü 30 ilə yaxındır Dağlıq Qarabağdakı saxta qurumu, separatçı rejimi “dövlət” kimi tanımayıb, tanıya bilməyib. Belə olan halda bu dövlətin Xarici İşlər Nazirliyi hansı məntiqlə Şuşaya səfər edən səfirlərin təmsil etdikləri dövlətlərə nota verir? Gülməli deyilmi? Ermənistanın Azərbaycanın əzəli torpağı olan Qarabağ, ələlxüsus da Şuşa barədə hər hansı bəyanatla çıxış etməyə haqqı yoxdur. Birincisi, bu torpaqlar Azərbaycanın dünya birliyi tərəfindən qəbul edilən əraziləridir. İkincisi isə, yaxşı olar ki, Yerevandakılar ötən il 44 gün ərzində başlarına gələnləri xatırlasınlar, nota təqdim edəndə kapitulyasiya aktı üçün necə yalvardıqlarını da unutmasınlar”.
Eləcə də bax: ABŞ, Rusiya və Fransa səfirləri Şuşaya getməkdən imtina edib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev Ermənistan XİN-nin Şuşaya səfər etmiş səfirlərin təmsil etdikləri ölkələrin İrəvandakı elçilərinə nota verməsini şərh edərkən deyib.
E. Allahverdiyevin sözlərinə görə, Ermənistan özünü gülünc vəziyyətə qoyub və bu dövlət ətrafında mövcud olan qeyri-ciddi durum getdikcə lap komikləşir.
Millət vəkili bildirib ki, bu ölkənin XİN xeyli müddətdir başsızdır, ölkə başçısı bu posta təyin etməyə namizəd tapmır. Belə bir reallıqda kimin həmin səfirləri XİN-ə çağırıb nota verməsi xüsusi maraq doğurur: “Təsəvvür etmək belə çətindir ki, ölkə rəhbərliyi nazir postuna təyin etmək üçün əməlli-başlı namizəd tapa bilmir. Bu gün xarici işlər naziri Ermənistanda ən təhlükəli vəzifədir. Heç kim o vəzifəyə təyin edilmək istəmir, qorxur. Bu, tək Ermənistan dövlətinin deyil, erməni cəmiyyətinin iflic, rəzil durumunun göstəricisidir”.
Milli Məclisin deputatı Ermənistan XİN-in bu addımını ölkənin beynəlxalq imici baxımından qeyri-professional hərəkət hesab edir.
“Ümumiyyətlə, xarici dövlətlərə nota vermək bir iradə, hökm, de-marş deməkdir. Ermənistanda qətiyyət var nota verməyə? Ölkənin sərhədlərini başqa dövlətin hərbçiləri qoruyur. İndi qorxularından Azərbaycanla da sərhədi qorumaq üçün həmin dövlətə yalvarırlar. Sənin sərhədlərin başqa dövlətin hərbçilərinin nəzarətindədirsə, hansı dövlətdən, XİN-dən, notadan danışırsan?”, - deyə E. Allahverdiyev təəccüblə soruşub.
Onun sözlərinə görə, şübhə yoxdur ki, rəsmi İrəvanın bu gecikmiş addımı daxildəki təzyiqlərlə əlaqədardır. “Səfirlərin Şuşa səfərindən az qala bir həftə keçir, Ermənistan XİN-in isə indi yadına düşüb ki, diplomatları çağırıb etiraz bildirsin. İrəvan səfirlərin səfərini “qanunsuz” hesab edir. Əslində ən böyük qanunsuzluq elə bu notanın özüdür. Beynəlxalq hüquqa görə Qarabağ və Şuşa Azərbaycan ərazisidir. Başqa dövlətin ərazisində baş verənlərə həsr olunmuş nota qanuni ola bilərmi?”, - deyə millət vəkili bildirib.