"Bu işlər bir daha onu göstərir ki, biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik. Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq".
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 13-də Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışında deyib.
"Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq", - dövlət başçısı bildirib.