"Bu gün mən, həmçinin cənab Prezidentə Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumat verdim. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək".
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levitslə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
"Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir. Ümid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Ermənistan tərəfindən görəcəyik və onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə, Azərbaycan əraziləri azad olundu. Biz bunu güc tətbiqi ilə etdik. Əfsuslar olsun. Halbuki, Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrlə də edə bilərdik".