Prezident İlham Əliyev bildirib ki, Qubadlı rayonunda infrastruktur layihələri ilə bağlı artıq ilkin təkliflər var.
Eləcə də bax: Prezidentdən Qubadlı ilə bağlı - SƏRƏNCAM
“Bütün kəndlər dağılıb, şəhər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək. Burada infrastruktur işləri birinci sıradadır. Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. İndi göstəriş verilib. İndi Baş plan hazırlanır. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, 2-3 aya hazır olacaq və təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcək”, - deyə dövlət başçısı oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
FED.az xəbər verir ki, prezident İlham Əliyev qeyd edib ki, "biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər əhatə olunacaq - məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları".
“Əlbəttə, daha böyük şəhər nəzərdə tutulur. İlkin belə variant indi mənə məruzə edildi. Ola bilər, 10-15 min əhalisi olan. Çünki işğala qədər rayon mərkəzinin 5 min əhalisi olub”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı əlavə edib ki, indi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun.
Onun sözlərinə görə, Qubadlı rayonunun iqtisadi inkişaf planı ayrıca hazırlanmalıdır.
“Bir daha demək istəyirəm ki, infrastruktur layihələri ilə bağlı, evlərin tikintisi ilə bağlı, kəndlərin bərpası ilə bağlı artıq ilkin təkliflər var. Əsas budur ki, buraya qayıdacaq insanlar yaxşı yaşasınlar, yəni, onların rifahı yüksək olsun. Bunun üçün də əlbəttə ki, şərait yaradılacaq, amma onların məşğul olacağı sahələr düzgün müəyyən edilməlidir. Bu məqsədlərə çatmaq üçün atılacaq addımlar düzgün qoyulmalıdır. Hökumətə tapşırıq verildi, müxtəlif nazirliklər fəaliyyət göstərir və əminəm ki, Milli Məclis də bu işlərə öz töhfəsini verəcək. Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, rayonun inkişafı üçün yerli və xarici investorların cəlb edilməsi planlaşdırılır.