Prezident İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub.
FED.az xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılıb. Kəndin birinci mərhələsi üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və burada 204 fərdi ev inşa olunacaq. Bu mərhələdə kəndə 204 ailənin - 710 nəfərin köçürülməsi nəzərdə tutulub.
Qeyd olundu ki, kənddə çoxfunksiyalı inzibati binanın, bayraq meydanının, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq.
Diqqətə çatdırıldı ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək.
Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoydu.