Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Fərman imzalayıb.
FED.az xəbər verir ki, Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 (on) il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasını on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan maliyyə yardımının ödənilməsi ilə bağlı tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etsin;
2.3. bu Fərmanın icrası barədə ildə bir dəfə ‒ hər il aprelin 1-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırmaqla, bu Fərmanın 1-ci hissəsinin icrası ilə bağlı 2023-cü ildə tələb olunan vəsait barədə təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.2. bu Fərmanın icrası ilə bağlı illik icmal hesabatı növbəti il fevralın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.