Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq üçün 118 layihə üzrə müraciət ediblər.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə türkiyəli investorların aktivliyi artır.
Nazir müavini qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının alternativ enerji potensialının səmərəli istifadəsi məqsədilə mövcud infrastrukturun yenilənməsi və yenisinin tikilməsi üçün xarici kapitalın cəlb edilməsi davam edir: “Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan “Dost Aqroparkı” işğaldan azad olunmuş ərazilərdə birgə işbirliyinin nümunələrindəndir".
Onun sözlərinə görə, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, güzəştlər və stimullar, həmçinin makroiqtisadi və maliyyə sabitliyi ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını təşviq edir: “Qardaş ölkədən olan sahibkarları Azərbaycanın zəngin iqtisadi potensialından yararlanmağa və daha aktiv fəaliyyətə dəvət edirik. Əminəm ki, qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanaraq həyata keçirəcəyimiz layihələr, biznes yatırımları, birgə təşəbbüslərimiz əməkdaşlığımızı daha da genişləndirəcək". (Report)