Böyük Qayıdış proqramının icrası uğurla davam edir. Artıq Zəngilan rayonunun Ağalı kəndinin, Tərtər rayonunun Talış kəndinin, Laçın və Füzuli rayonlarının sakinlərinin bir qismi öz doğma yurdlarına köçürülüb. Sakinlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı təmin edildikcə diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri də həmin ərazilərdə məşğulluğun təmin olunmasıdır.
Füzulidə hansı - İŞ YERLƏRİ OLACAQ?
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən artıq həmin ərazilərdə əhalinin məşğulluq məsələlərinin həlli sahəsində geniş miqyaslı işlər aparılır. Görülən işlərin nəticəsi olaraq artıq Ağalı kəndinin 171 sakini Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 150-dən çox şəxs Agentliyin dəstəyi ilə işlə təmin olunub və daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər aparılır.
Həmçinin kənddə artıq 11sakin üçün özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilərək kiçik təsərrüfatlar yaradılıb. Kənd sakinlərindən 26 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Həm işsiz şəxslərə, həm işəgötürənlərə dəstək məqsədi daşıyan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı Ağalı kəndində də icra olunur. Bir qrup kənd sakini həmin proqrama cəlb olunub və onların əməkhaqlarının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.
Böyük Qayıdış proqramı çərçivəsində Tərtərin Talış kəndində də sakinlərin məşğulluğuna dəstək tədbirləri görülür. Agentliyin mümayəndələri kəndə köçürülən ailələrlə görüşlər keçirib və təhlillər aparılaraq məşğulluq tədbirlərinə cəlb edilə biləcək şəxslər müəyyənləşdirilib. Bunun nəticəsi olaraq kəndin artıq 40-dək sakininin məşğulluğu təmin edilib. Onlardan bir qismi müxtəlif vakansiyalar üzrə işlə təmin olunublar.
Digər mühüm məşğulluq istiqaməti kimi, kənd sakinlərinin özünüməşğulluq proqramına cəlb olunması işləri də aparılır. Agentlik artıq 9 kənd sakinini özünüməşğulluq proqramına cəlb edilib.
Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Laçın şəhərinə və Füzuliyə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüşlər keçirilir. Növbəti mərhələdə sakinlərin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili işləri aparılacaq. (Trend)