Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 800-dək müraciət daxil olub.
FED.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bəyan edib.
“2020-ci ilin dekabr ayından etibarən işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 791 müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır”, - Məmmədov çərşənbə axşamı "Caspian Energy Club"ın təşkil etdiyi "Online B2G Forum"da bildirib.
Həmçinin, Məmmədov məlumat verib ki, 28 ölkədən xarici şirkətlər tərəfindən 226 layihə təqdim edilib.
“Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil olan müraciətlər üstünlük təşkil edir", - Məmmədov bildirib. (İnterfaks)