Putin Soçi görüşü barədə: «Açığını deyim ki, hər şey razılaşdırılmayıb»
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Soçidə Azərbaycandan olan həmkarı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların yekunları üzrə birgə bəyanat razılaşdırılıb.
FED.az xəbər verir ki, Putin bildirib: «Bu gün biz birgə bəyanatla razılaşdıq. Açığını deyim ki, hər şey razılaşdırılmayıb, əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi şeylər çıxarılmalı oldu».
«Bununla belə, görüşün faydalı olması ilə bağlı ümumi qiymətləndirmə ilə razıyam və bu, bütövlükdə vəziyyətin həlli istiqamətində gələcək addımlar üçün şərait yaradır», - Putin vurğulayıb.
Rusiya prezidenti üçtərəfli görüşün iki saatdan çox davam etdiyini bildirib. «Əvvəlcə Ermənistan nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə üz-üzə. Sonra Azərbaycan nümayəndə heyəti ilə və üzbəüz Azərbaycan prezidenti ilə danışdıq. Sonra isə üçümüz iki, hətta, yəqin ki, bir az da çox danışdıq».
«Ümumi fikrimizcə, bu, çox faydalı görüş oldu», - Putin vurğulayıb.
Rusiya prezidenti bildirib ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək.
«Razılaşdığımız kimi, biz təmasda olacağıq, bu dialoqu davam etdirəcəyik və bu uzun sürən münaqişəyə son qoymaq üçün zəruri olan həll yollarını axtarmağa davam edəcəyik», - Rusiya dövlətinin başçısı bildirib.
Putin qeyd edib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarığını nümayiş etdirib. «Bugünkü müzakirə onu deməyə əsas verir ki, biz həm də bütün ölkələrimizin gələcəyi ilə bağlı danışıqlar apara bilərik. Bütün ölkələrimiz deyəndə mən Rusiyanı, Azərbaycanı, Ermənistanı, regionun bütün dövlətlərini nəzərdə tuturam. Çünki burada yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar», - Putin bildirib.