“Məcburi köçkün soydaşlarımıza pay torpaqları veriləcək”.
Eləcə də bax: "Ağalı kəndi tezliklə məcburi köçkünləri qəbul edəcək”
FED.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Emin Hüseynov deyib ki, Azərbaycanda mövcud qanunvericilik var. İşğaldan azad olunmuş ərazilərdə də vaxt gələndə mövcud qanunların tətbiqi mexanizmi müəyyənləşəcək: “Ola bilər ki, müəyyən dəyişikliklər olsun. Bəli, bizdə özəlləşdirmə prosesi və özəlləşdirmə haqqında qanunlar işğaldan sonra həyata keçirildi və faktiki olaraq o bölgələrdən köçkün düşmüş soydaşlarımızın əlində mülkiyyət sənədləri yoxdur. Amma onların mənəvi hüquqları var. Dövlət keçmiş məcburi köçkün soydaşlarımızın həm mülkiyyət hüququnun, həm də pay torpağı hüququnun təmin olunması ilə bağlı öhdəliyini yerinə yetirəcək. Sadəcə, bunun mexanizmlərinin necə olacağı, nə zaman baş verəcəyi ilə bağlı hazırda müzakirələr gedir. Zamanı gələndə bununla bağlı xüsusi təkliflər, təşəbbüslər müzakirə olunacaq və nəticə geniş ictimaiyyətə də təqdim ediləcək”. (Apa)