“Ağdamın baş planı təsdiq olunub və baş plan cənab Prezident tərəfindən ictimaiyyətə təqdim olunub. Baş planla əlaqədar ictimaiyyətə geniş məlumatlar təqdim olunub. İnsanları ən çox Ağdamda yaşayış binalarının tikintisi maraqlandırır. Əlbəttə ki, bu, çox vacib məsələdir. Çünki bizim əsas məqsədimiz Ağdamdan olan məcburi köçkün vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmasıdır. Ona görə də, bu hədəfə yönəlmiş bütün tədbirlər həyata keçirilməlidir”.
Eləcə də bax: Şuşada tikiləcək evlər belə olacaq - RƏSMİ AÇIQLANDI
FED.az xəbər verir ki, bu fikirləri Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O bildirib ki, baş planda söhbət təkcə onlar üçün yaşayış binalarının tikilməsindən getmir, həm də çoxsaylı iş yerlərinin yaradılması nəzərdə tutulur. Ağdam şəhəri baş plana əsasən çox müasir və böyük bor şəhər olacaq. Xüsusilə də gənc vətəndaşlarımızın burada yaşayıb inkişaf etməsi üçün böyük imkanlar yaranacaq. Ağdamın “ağıllı şəhər” konsepsiyasına uyğun olaraq tikilməsi nəzərdə tutulur. Buradakı binaların da xüsusi beynəlxalq standartlara uyğun olaraq ”ağıllı binalar” tipologiyasına uyğun olaraq inşası nəzərdə tutulur. Onu da qeyd edim ki, Ağdam Azərbaycanın ən günəşli rayonlarından biridir. Son 50 ilin məlumatına əsasən, ilin 2/3 hissəsi günəşli gün hesab olunur. Bu, ondan xəbər verir ki, günəş enerjisinin potensialı böyükdür və bundan yaxşı istifadə etmək olar. Ona görə də binaların layihələndirilməsi zamanı bu məsələlər nəzərə alınacaq. Daha çox enerji səmərəliliyinə yönəlmiş layihələrə üstünlük verəcəyik. Bütün bunlar diqqətlə təhlil olunur. Hazırda layihələndirmə mərhələsindəyik. Baza infrastrukturu tamamlanma üzrədir. Bundan sonra yaxın zamanda genişmiqyaslı tikinti işlərinin şahidi olacağıq. İctimaiyyətə bu barədə ətraflı məlumat veriləcək. Yaxında "Yolumuz Ağdama" adlı səfərlər başlayacaq. Bununla bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Ancaq mina təhlükəsi hələ tam aradan qalxmayıb. Bu təhlükəsizlik məsələlərini nəzərə alaraq prosesləri həyata keçirmək niyyətindəyik”.
E.Huseynov qeyd edib ki, Ağdamda müxtəlif mərtəbəli binaların tikilməsi nəzərdə tutulur:
“Ancaq çox hündür mərtəbəli binaların olmasını istəmirik. Maksimum 16 mərtəbəli binalar şəhərin mərkəzində olacaq. Kənarlara getdikcə insanların daha rahat məskunlaşması üçün alçaq mərtəbəli binalar qurulacaq. İnsanların geniş şəhərdə sıxlıqdan, tıxacdan uzaq şəkildə yaşamağını istəyirik. Bunların hər biri dəqiqləşdikcə ictimaiyyətə ətraflı məlumat veriləcək”. (Report)