2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur. Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən tam çıxarmayıb, üstəlik, qanunsuz erməni silahlı dəstələri burada hərbi istehkamlar yaradırlar.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, məhz Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə 2022-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması baş tutmayıb.
«2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur. Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar.
Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib».