“Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik”.
FED.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir: “Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində.
İndi İkinci Qarabağ müharibəsindən dörd il keçibdir, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox. Halbuki Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir”.