“Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir”.
Eləcə də bax: Prezident Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olub - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfəri çərçivəsində Laçın rayonunun Güləbird kəndində çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər: “Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.
Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlayıb. Görün, biz nə qədər böyük uzaqgörənlik göstərmişdik, böyük iradə göstərmişdik. Eyni zamanda, maliyyə resurslarını səfərbər etmişdik və bu dəmir yolları bağlantılarını biz təmin edirik. Bu, ölkəmiz üçün lazımdır. Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox böyük əhəmiyyəti var”.