Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb.
FED.az xəbər verir ki, qanuna əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.
Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib.
Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndləri ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin dövlət mülkiyyətində olan 139,0 ha torpaq sahəsi, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin dövlət mülkiyyətində olan 1025,0 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.
Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Maddə 6. Ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Məzrə kəndinin dövlət mülkiyyətində olan 329,0 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.
Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Alıcan kəndinin dövlət mülkiyyətində olan 384,0 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.
Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186,0 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Ağdam rayonunun inzibati ərazisinə verilib.
Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481,0 ha torpaq sahəsi isə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Qubadlı rayonunun inzibati ərazisinə verilib.