Ermənistan silahlı qüvvələrinə qarşı aparılan hərbi əməliyyatlarda uğurlar edilməklə yanaşı, döyüşlər bir sıra qüsur və çatışmazlıqları da üzə çıxarıb.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Müdafiə Nazirliyində keçirilən müşavirədəki çıxışında bildirib.
Vəzifəli şəxslər məsuliyyətli olmalıdır
Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu işdə hər bir vəzifəli şəxsdən məsuliyyət tələb olunur: «Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur».
«Qüsurlar və çatışmazlıqlar var»
Dövlət başçısının sözlərindən məlum olub ki, hərbi əməliyyatlar bir ordu quruculuğunda bir sıra qüsurların və çatışmazlıqların olduğunu da göstərib. Döyüşlər başa çatandan sonra bütün bunlar araşdırılacaq:
«Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik».
«Əməliyyatlarda əsassız yubanmalar var»
Dövlət başçısı bildirib ki, bu döyüşlər Azərbaycan üçün böyük təcrübədir. Döyüşlər bir neçə məqamı üzə çıxarıb. Bunlardan biri müasir döyüşlərin silaha tələbatı dəyişməsidir: «Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər».
Digər məsələ – hərbi əməliyyatlarda bəzi hallarda əsasız yubanmaların olmasıdır. Prezident hərbçilərdən əməliyyyatların səmərəsini bir qədər də artırmağı tələb edib: «Növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik».
«Bəzi istiqamətlərdə ciddi düzəlişə ehtiyac var»
Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir.