Noyabrın 7-də prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
FED.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlət bağçısı hərbi şəhərciyin qərargah binası ilə tanış oldu, hərbçilərlə birgə foto çəkdirdi, onları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik etdi.
Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Zakir Həsənov bildirdi ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur.
Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var.
Prezident İlham Əliyev hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış oldu.
Diqqətə çatdırıldı ki, şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.