Dağlıq Qarabağ bölgəsinə - azərbaycanlıların dədə-baba torpaqlarına qonşu ölkələrdən kütləvi qaydada erməni əhalisi gətirilərək yerləşdirildi. Ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar və XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək.
FED.az xəbəri verir ki, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində Qarabağın tarixi barədə söhbətini davam etdirərkən bildirib.
Dövlət başçısı deyib ki, 1921-ci ilin iyul ayında Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi: "Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb, Azərbaycana veribdir. Yalandır! Açın baxın Qafqaz bürosunun protokoluna - Dağlıq Qarabağ Azərbaycan tərkibində saxlanılsın. Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır”.
Prezident İlham Əliyev təəssüflə qeyd edib ki, sonradan Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. “Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli özünüidarəetmə mexanizmi mövcud idi. İndi tarixə baxmaq kifayətdir ki, hər kəs görsün, orada yaşayan ermənilər böyük hüquqlara, imkanlara malik idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.