Prezident İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.
FED.az xəbər verir ki, Ağalı kəndinin ikinci mərhələsində 103 ev istifadəyə veriləcək.
Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb.
Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.
İlham Əliyev Məmmədbəyli kəndinin də açılışında iştirak edib.
Dövlət başçısına məlumat verildi ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Burada 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb.
Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. Məmmədbəyli kəndinin sakinləri Ağalıdakı obyektlərdən istifadə edəcəklər.
Belə ki, Məmmədbəyli kəndi Ağalıya çox yaxın olduğuna görə, bu kəndlər keçidlə birləşdirilib, Nəticədə Ağalıdakı 360 şagird yerlik orta məktəbdən, 60 yerlik uşaq bağçasından, Ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər obyektlərdən Məmmədbəyli sakinləri də istifadə edəcəklər.
Kənddə yaradılmış şəraitlə tanış olandan sonra dövlətimizin başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.










