Mayın 5-də prezident İlham Əliyev Füzuli rayonunun 2 min 369 nəfərin yaşaması üçün nəzərdə tutulan Pirəhmədli kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
İlham Əliyev və Mehriban Əliyeva Xocavənd və Füzuliyə - SƏFƏR EDİBLƏR
FED.az xəbər verir ki, dövlət başçısının saytındakı məlumata əsasən, Pirəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 178 hektardır.
Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1,2 min kvadratmetr olacaq.
Məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur.
Bundan əlavə, kənddə çoxfunksiyalı inzibati binanın, mehmanxana və kafe-restoranın, məscid və mərasim evinin, yanacaqdoldurma məntəqəsinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 480 yerlik orta məktəbin, 80 yerlik 2 uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, bazarın, rabitə qovşağının tikintisi planlaşdırılıb.
Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib.
Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub.
Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.