Azərbaycan prezidenti İlham Əliyev Füzuli şəhərinə ilk sakinlərin qayıdacağı tarixi açıqlayıb.
Eləcə də bax: Qazaxıstan Holdinqi Füzulidə - TİKİNTİYƏ BAŞLAYIB
FED.az xəbər verir ki, “Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz həmin vaxtadək, bu mərkəz hazır olanda, biz Füzulinin ilk sakinlərini oraya köçürməyi planlaşdırırıq, - İ.Əliyev bu gün Bakıda Mərkəzin layihəsinin təqdimatı zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə deyib.
İ.Əliyev əlavə edib ki, Mərkəzin inşası təşəbbüsü iki ay bundan əvvəl irəli sürülüb.
Xəbər verildiyi kimi, 2022-ci ilin sentyabr ayında Qazaxıstanın “Bİ-Group” Holdinqi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşasına başlayacaq. Tikinti işlərinin 2023-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.
Mərkəzin inşası Qazaxıstan prezidentinin tapşırığı əsasında həyata keçiriləcək. İkimərtəbəli binanın ümumi sahəsi 3100 kvadratmetr təşkil edəcək, Mərkəz 600 uşaq üçün nəzərdə tutulur.
Kurmanqazı adına Mərkəzinin əsas iş sahələri aşağıdakılar olacaq: vokal və musiqi alətləri, robototexnika, 3D modelləşdirmə, veb-dizayn, fotoqrafiya və video çəkiliş. Bundan əlavə, sənətkarlıq, o cümlədən xalçaçılıq və dulusçuluq, müxtəlif idman növləri və xoreoqrafiya üzrə təlimlər keçiriləcək.
“Mərkəz Qazaxıstan xalqının Azərbaycan xalqına hədiyyəsi olacaq və ölkələrimiz arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyi özündə təcəssüm edəcək”, - Tokayev bəyan edib.
İlham Əliyev layihənin icrasına görə Tokayevə təşəkkür edib və bu Mərkəzin Füzuli şəhərinin uşaqları üçün dünya səviyyəli incəsənət meydançası olacağına ümidvar olduğunu bildirib.