Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Britaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb.
FED.az xəbər verir ki, sülh sazişinin mətni üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlət başçısı baş nazir Paşinyanın onunla Britaniyada görüşməkdən imtina etdiyini xatırladıb. Dövlət başçısı bildirib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi: "Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik".
Prezident xatırladıb ki, dörd ay əvvəl Almaniya Kansleri Şolts Münxendə buna bənzər görüş təşkil tmişdi: "Britaniya hökuməti də eyni təklifi verdi ki, Britaniyanın Baş naziri (əvvəlcə görüşdə) iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”.