Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar üç istiqamətdə aparılır.
Paşinyan: “Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam, məsuliyyəti üzərimə götürürəm”
FED.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan hökuməti Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması üçün qətiyyətli addımlar atır və Azərbaycanla danışıqlarda konstruktiv şəkildə iştirak edir”, - deyə Paşinyan Berlində Almaniya Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında danışıqlar üç əsas istiqamətdə aparılır: münasibətlərin normallaşdırılması haqqında saziş, regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin bərpası, sərhədlərin delimitasiyası və təhlükəsizlik.
Paşinyan əlavə edib ki, Ermənistan Bakı ilə Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşdırılması məntiqi çərçivəsində Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən ayırmağa razılaşıb. “Biz sülh və əməkdaşlığın müsbət imkanlarına diqqət yetirməliyik”, - deyə Ermənistanın baş naziri qeyd edib.(İnterfaks-Azərbaycan)