Oktyabr ayının 17-də, gecə saat 01 radələrində Ermənistan növbəti dəfə müharibə cinayəti törədərək cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub. Qadağan olunmuş silahlardan istifadə etməklə həyata keçirilmiş bu hücum çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnib.
Ombudsman Aparatından FED.az-a verilən məlumata görə, bununla işğalçı Ermənistan 10 oktyabr 2020-ci il tarixdən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini təkrarən kobud şəkildə pozmaqla BMT Nizamnaməsinə, beynəlxalq hüququn ümumi norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar və insan hüquqları normalarına bir daha açıq hörmətsizlik nümayiş etdirir.
Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi növbəti terror aktı nəticəsində baş vermiş insan təlafatı ilə əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların və dəymiş zərərin beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə Gəncə şəhərində faktaraşdırıcı missiya həyata keçirir.
Missiya çərçivəsində Ombudsman Səbinə Əliyeva həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb, dağıdılmış yaşayış evlərinə və digər infrastruktur obyektlərinə baş çəkərək araşdırma aparıb. Ombudsman, həmçinin hər iki valideyni dağıntılar altında qalan və hazırda taleləri barədə məlumat olmayan yaralanmış uşağa da baş çəkib. Mövcud problemlərin yerində həll olunması ilə bağlı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb.
Ermənistanın bu dəfə də mülki obyektləri, uşaq, qadın, əlilliyi olan şəxslər və ahıl insanların da yaşadığı evləri qəsdən hədəfə alması nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər həlak olub, 52 nəfər ağır dərəcəli xəsarətlər alıb, 2 uşağın taleyi barədə məlumat yoxdur. Dağıntılar altında qalanların xilasetmə tədbirləri davam etdirilir.
Təcavüzkar Ermənistanın növbəti ağlasığmaz qəddarlığı Azərbaycanın dinc əhalisinə hədəflənmiş terror aktı, insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti kimi beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən kəskin şəkildə pislənilməli, həmin cinayəti törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Ermənistanın terror əməllərini dəstəkləyənlər bu hadisələrdən lazımi nəticə çıxarmalı, susqunluq nümayiş etdirməməlidirlər.
Qeyd olunmalıdır ki, Ermənistanın dinc əhaliyə qarşı törətdiyi bu vandalizmin beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə Ombudsman Səbinə Əliyeva tərəfindən beynəlxalq ictimaiyyətə növbəti bəyanat ünvanlanıb, faktaraşdırıcı missiyanın materialları əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.