Zəngilan rayonunda ilk "ağıllı kənd"in inşası başa çatmaq üzrədir və bu kənd azad olunan ərazilərə qayıdışın ilk məntəqəsi olacaq.
Eləcə də bax: Nazir: "Zəngilandakı "Ağıllı kənd"də yaxın gələcəkdə ilk məskunlaşma baş tutacaq"
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunur.
"Kənddə enerjiyə tələbat "yaşıl enerji" sistemi ilə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çay üzərində inşa olunan Su Elektrik Stansiyası vasitəsilə həyata keçiriləcək. Bunun hesabına kənd öz enerji təminatını tam ödəyəcək", - İ. Kərimov qeyd edib.
Nazir həmçinin əlavə edib ki, "ağıllı kənd"lərin evlərinin dam hissəsində yerləşən kollektorlar vasitəsilə enerji toplanaraq evlərin və suyun qızdırılmasında istifadə ediləcək.
Nazir azad edilmiş ərazilərdə aqrar sahədə görülən işlərə də toxunub.
"Kəlbəcər və Laçın yaylaqlarına 4 800 arı ailəsinin və 10 min başa yaxın xırdabuynuzlu heyvanın köçürülməsi təmin edilib. Azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə heyvan xəstəliklərindən azad zonalar yaradılır. Bölgədə taxılçılıq, pambıqçılıq, tütünçülük, üzümçülüyün inkişafı üçün də çox böyük potensial mövcuddur", - deyə İ. Kərimov əlavə edib.