Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının yeni ehtiyatların və sərvətlərin iqtisadi dövriyyə cəlb edilməsi, eləcə də beynəlxalq əhəmiyyətli daha effektiv kommunikasiya xətlərinin yaradılması imkanları təkcə Azərbaycanda deyil, ümumilikdə region ölkələrində KOB sektorunun inkişafı üçün yeni imkanlar açır.
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara veriləcək güzəştli kreditlərin şərtləri - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.
O qeyd edib ki, bu bölgənin özünəməxsus təbii müqayisəli üstünlükləri ilə yanaşı, hökumətin tətbiq etdiyi imtiyaz, güzəşt və dəstək alətləri Qarabağ regionunu bizneslər üçün daha cəlbedici edəcək:
"Qarabağ bölgəsi nəqliyyat-tranzit, bərpa olunan enerji, kənd təsərrüfatı, sənaye, dağ-mədən və digər sahələrdə böyük potensiala malikdir. Burada "Yaşıl enerji" zonası və ağıllı şəhər, ağıllı kənd konsepsiyalarının tətbiqi həm ölkəmizin, həm də bütövlükdə regionun dayanıqlı inkişafına böyük töhfə olacaq".
S. Məmmədov bildirib ki, Azərbaycanda dövlətin yaratdığı iqtisadi zonaların rezidentlərinin 90 %-dən çox hissəsini KOB subyektləri təşkil edir.
O, ölkədə sənaye parklarının rezidentləri üçün vergi güzəştlərinin tətbiqindən danışıb:
"Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən, eləcə də 10 il müddətinə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunur. Sahibkarlar üçün dövlət dəstəyi tədbirlərindən olan sənaye parklarında müasir və geniş infrastruktur təchizatı rezidentlərə "birbaşa qoşulma" prinsipi əsasında təklif olunur".
Nazir müavini qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən biri də investisiya təşviqi mexanizmdir:
"İnvestisiya təşviqi sənədini əldə edən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlir vergisini 7 il müddətinə 50 % güzəştlə ödəyirlər, müvafiq əmlaka görə əmlak vergisindən, torpağa görə isə torpaq vergisindən 7 il müddətinə azad olunurlar, habelə müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən 7 il müddətinə azad olunurlar. Təkcə 2022-ci ildə 50 KOB subyekti investisiya təşviqi sənəd əldə edib".
S.Məmmədov bildirib ki, əksər iqtisadiyyatlarda olduğu kimi bizdə də KOB-ların qarşılaşdıqları əsas çağırışlardan biri də maliyyə resurslarına çıxış imkanı ilə bağlıdır:
"Azərbaycanda bizneslər həm özəl maliyyə vasitəçilərinin təklif etdikləri kreditlərdən, həm də dövlət institutlarının təqdim etdikləri güzəştli maliyyə vəsaitlərindən faydalanmaq imkanına malikdirlər. Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu KOB subyektlərinə 70 milyon ABŞ dollarına yaxın həcmdə güzəştli kredit verib ki, bu da Fondun kredit portfelinin təqribən 85 %-i təşkil edib". (Repotr)