“Hələ sentyabrın əvvəllərindən etibarən cəbhə xəttində erməni silahlı qüvvələrinin aktivliyinin artması, ayın ortalarından isə döyüş hazırlığı tədbirlərinin bütün istiqamətlərdə keçirilməsi kəşfiyyat məlumatları əsasında təsdiqləndi”.
FED.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov “Azərbaycan” qəzetinə müsahibəsində Vətən Müharibəsinin ilk dəqiqələri ilə bağlı sualı cavablandırarkən deyib.
“Ermənistanın artıq təxribata yox, müharibəyə hazırlaşması aydın görünürdü. Düşmən tərəfindən mövqelərimizin mütəmadi atəşə tutulması, eyni zamanda təmas xəttini keçmək cəhdləri intensivləşirdi. Təbii ki, biz də fəaliyyətsiz deyildik. Şübhəsiz, qoşunlarımızın yüksək döyüş hazırlığı baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün kifayət edirdi.
Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlara başlaması barədə xəbər dərhal mənə məruzə edildi. Vəziyyət barədə ölkə başçısına məruzə etdikdən sonra Ali Baş Komandan hərbi əməliyyatların idarə edilməsini birbaşa öz üzərinə götürdü.
Bəli, 44 günlük Vətən müharibəsinin ilk dəqiqəsindən sonunadək döyüş əməliyyatlarına Ali Baş Komandanın özü şəxsən rəhbərlik edirdi!”, - müdafiə naziri bildirib.
O qeyd edib ki, düşmənin mövqelərimizi və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhali arasında şəhid və yaralananlar oldu:
“Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirlərinə başladı və düşmənin hərbi obyektlərinə, atəş nöqtələrinə sarsıdıcı zərbələr endirdi.
Elə ilk həmlədən qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət etdi və cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susduruldu. Ardınca da qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başladı.
Ali Baş Komandan bütün prosesləri çevik idarə edirdi. Günorta saatlarında xalqa müraciətində baş verən hadisələr barədə ictimaiyyəti məlumatlandırdı və bu təxribatı “erməni faşizminin növbəti təzahürü” adlandırdı.
Prezidentin “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!” sözləri xalqda ilk andan böyük qələbə əzmi, döyüş əzmi, ruh yüksəkliyi yaratdı. Bu müraciətdən sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Ali Baş Komandan birmənalı bəyan etdi ki, “bizim uğurlu əks-hücum əməliyyatımız işğala və ədalətsizliyə son qoyacaq!”
İclasda etdiyim məruzədə Ali Baş Komandana onun rəhbərliyi ilə başlamış əks-hücum əməliyyatının ilk saatlarının qələbə hesabatını verdim. Ermənistan silahlı qüvvələrinin ön xəttinin yarılması, ordumuzun zərbələrinin artıq düşmən müdafiəsinin dərinliyindəki mövqelərinə endirilməsi və rəşadətli ordumuz tərəfindən Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərinin işğaldan azad edildiyi barədə məruzə etdim. Eyni zamanda Ağdərə və Murovdağ istiqamətlərindəki hakim yüksəkliklərdə yerləşən düşmən postları da darmadağın edilərək nəzarətə götürülmüşdü.
Həmin gün düşmənin 3 silah-sursat anbarı, 22 tank və digər zirehli texnikası, 15 OSA zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı, 8 artilleriya qurğusu, 550 nəfərdən artıq canlı qüvvəsi məhv edildi. Bu göstəricilər ilk günün böyük uğuru idi və cəbhə xəttində üstünlüyün sonadək bölmələrimizdə olmasını təmin etdi”.