Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirib.
FED.az xəbər verir ki, brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edib.
O, düşmən sığınacaqları, texnikaları və digər infrastukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verib.
A.Eyvazov bildirib ki, Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir:
“Bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsidir”.
Qeyd olunub ki, bu gün Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə dəvət edilib və onlara həyata keçirilən antiterror tədbirləri barədə ətraflı məlumat verilib. Mülki infrastrukturu və mövqelərimizi artilleriya qurğuları, eləcə də müxtəlif çaplı silahlardan atəşə məruz qoyan Ermənistan Silahlı Qüvvələri birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, sursat anbarı, hərbi təyinatlı radiotexniki qovşağı, eləcə də digər döyüş vasitələri sıradan çıxarılıb. Lokal xarakterli antiterror tədbirlərində icra edilən fəaliyyətlər Azərbaycan qanunlarına və beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir.
"Bölgədəki vəziyyətlə bağlı Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media resurslarında mütəmadi olaraq məlumat verilir. Bütün media nümayəndələri sosial şəbəkə istifadəçilərini qarşı tərəfə məxsus bəzi sosial media hesablarında paylaşılan, heç bir real əsası olmayan məlumatları tirajlamamağa və yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq", - A.Eyvazov əlavə edib.