1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində ermənilər tərəfindən törədilən qətliam bu gün də həmin kəndin sakinlərinin yaddaşından silinməyib.
Dəhşətli faciənin acı xatirəsi ilə yaşayan sakinlər həmin soyuq qış günü baş verənləri unutmayıb. Meşəliyə ermənilərin hücumu zamanı kəndin 25 sakini şəhid, 16 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq sağlamlıqlarından məhrum olublar. Erməni cəlladların, xüsusən də Vaqif Xaçaturyanın dəstəsi Meşəlidə sakinlərə olmazın işgəncələr verib, insanlığa sığmayan qətliam və vəhşiliklər törədiblər. Bu hadisələr zamanı xəsarət alanlar, şəhid olanlar arasında uşaqlar, yeniyetmələr, yaşlılar üstünlük təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı "Azərtac"a istinadən xəbər verir ki, Xocalı rayonun Meşəli kənd sakinləri artıq 14 ildir Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıblar. Meşəli qəsəbəsində hazırda 430 nəfər yaşayır.
Sakinlər deyir ki, Vaqif Xaçaturyan və onun ətrafındakı quldur dəstələrinin üzvləri həmişə azərbaycanlılara qarşı nifrət, qəddarlıq nümayiş etdiriblər. Birinci Qarabağ müharibəsi başlamazdan qabaq da sakinləri ölümlə hədələməkdən belə çəkinməyiblər. Onların məqsədi sakinləri hər vəchlə öz dədə-baba torpaqlarında didərgin salmaq olub. Separatçılar hətta onların kəndlərinə gedən bir neçə Meşəli sakinini girov götürüb, avtomobildə yandırmağa da cəhd ediblər.
Meşəlidə baş verən hadisələr zamanı kəndin müdafiəsində iştirak etmiş, keçmiş polis əməkdaşı, kənd sakini Ziyəddin Salmanov deyir ki, gözü önündə ermənilər əliyalın kənd sakinlərinə aman vermədən qətlə yetiriblər. “Mənim o vaxt polis iş yoldaşlarım Allahverdi və İsmayılı da vəhşicəsinə qətlə yetirmişdilər. Bu işlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi. Qohumlarını başına yığıb silahlı dəstə yaratmışdı. Mən polis nəfəri kimi özünümüdafiə dəstəsində döyüşlərdə iştirak etmişəm. Yadımdadır ki, səs ucaldıcı mikrofonla Xaçaturyan Azərbaycan dilində “kəndi mühasirəyə almışıq, təslim olun” deyə qışqırdı. Qənimət dayı var idi onun başına təxminən avtomatın bir daraq gülləsini boşaltmışdılar. Bir dəfə Badara kəndində Xaçaturyan bizi “Niva” markalı avtomobilində yandırmaq istəyirdi...” – deyə Ziyəddin Salmanov bildirib.
Xocalı rayon Meşəli kəndində ermənilər təkcə Novruzovlar ailəsinin 5 üzvünü işgəncə verərək öldürüb. Novruz Novruzov, onun həyat yoldaşı Adilə Novruzova və bir oğul iki qız övladı bir gecədə məhv edilib. Ailənin böyük övladı Zəminə Əliyeva həmin dəhşətli hadisə zamanı qardaşının, digər ailə üzvlərinin başına gətirlənlərdən ürək ağrısı ilə danışır. “Ermənilər ailə üzvlərimi öldürəndən sonra meyitlərə işgəncə verərək, yandırmışdılar. Bacımın birini ürəyindən vursalar da, ayağında 78 güllə yeri var idi. Hamısına işgəncə vermişdilər. Evimizi, zəhmətlə qurduğumuz təsərrüfatımızı tamamilə yandırmışdlar. Mən də təsadüfən sağ qalmışam. Onların məqsədi hamını qətlə yetirmək idi”, - deyə Z.Əliyeva əlavə edib.
Erməni quldurlarından biri, beynəlxalq axtarışda olan Xaçaturyan Vaqif Çərkəzoviçin ötən gün saxlanması xəbəri Meşəli sakinlərini sevindirib. Onlar tezliklə digər əli qana batmış erməni qatillərinin də Azərbaycan qanunları qarşısında cavab verəcəyinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumata görə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.
İstintaqla müəyyən edilib ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürmüş, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmışdır.
Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.
Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcəkdir.
Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.