Polisin 17 yaşlı yeniyetməni qətlə yetirməsi səbəbindən bütün Fransanı etiraz və iğtişaşlar bürüdüyü halda, Fransa prezidenti Emmanuel Makron Marselə gedərək erməni icması ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə açıq-aşkar Azərbaycan əleyhinə bəyanatlar verən Fransa prezidenti Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı ermənilərin istədiyi variantda adlandırıb, «bu məsələni dünyada təkcə o olsa da diqqətdə saxlayacağını» bildirib.
Fransa prezidenti etiraf edib ki, ermənilərə görə Azərbaycana təzyiq etməyi cəhd edib: «Mən İlham Əliyevə Nikol Paşinyanın özündən daha çox təzyiq göstərmişəm və göstərəcəyəm. Qarabağ məsələsində mövqeyim dəyişməzdir, bu məsələdə qətiyyətimə şübhə etməyin. Beynəlxalq ailədə bu məsələni gündəmdə saxlamaq üçün səylərimi davam etdirəcəyəm».
Rəsmi Bakı Azərbaycana münasibətdə qərəzliliyini gizlətməyən Fransa prezidentinə dərhal cavab verib.
«Fransa prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri qəbuledilməzdir». FED.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanatı verib.
Nazirlik qeyd edib ki, həm 44 günlük Vətən müharibəsində, həm də post-münaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilməyib.
«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təzyiq göstərildiyi barədə iddiaları Fransa Prezidenti Makronun təxəyyülünün məhsuludur. Azərbaycan Respublikasının Prezidentinə təzyiq göstərmək cəhdləri heç zaman nəticə verməyib. Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan Respublikasının milli maraqlarını beynəlxalq hüququn norma və prinsipləri əsasında daim uğurla müdafiə edib.
Prezident Makronun açıqlaması bir daha onu göstərir ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. Qeyd edək ki, onun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz o radikal şəxslərdəndir ki, ona qarşı Ermənistan tərəfindən ölkəyə giriş qadağası qoyulub». Başqa sözlə, Makronun Marseldə görüşdüyü erməni lobbisi üzvlərinin bir hissəsi heç Ermənistana buraxılmır.
«Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Prezident Makronun bu kimi qərəzli bəyanatları bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir»,- deyə XİN-dən bildirilib.