Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Laçın rayonunda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.
Azad edilmiş ərazilərdə peşə hazırlığı kursları təşkil olunur
Bu barədə FED.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və 40-dan çox işəgötürənin iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən bəhs olunub.
Laçın şəhərinə və Laçının Zabux kəndinə köçürülən sakinlərdən də artıq 748 nəfərin məşğulluğunun təmin edildiyi bildirilib. Həmin şəxslərdən bir qrupu üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulduğu diqqətə çatdırılıb.
Görüş iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri, rəqəmsal layihələri, işəgötürənlərə yönəlik proqramları barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Laçında sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.