«Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi».
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Laçına səfəri zamanı bildirib.
Onun sözlərinə görə, indiyədək Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda da düşmən tərəfi Laçının qaytarılmasını ümumiyyətlə qəbul etmirdi: «Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim».
Dövlət başçısı bildirib ki, məhz Azərbaycan ordusunun uğurlu əməliyyatları düşməni razılaşmağa vadar edib: Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Laçın rayonunu qaytarmaq fikirləri belə yox idi onların. Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək, bax, buralara gəldik».
Uğurlu əməliyyatlar nəticəsində ordumuz Laçının cənubunu azad edərək Laçın dəhlizini atəş nəzarətinə götürüb: «Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdik, Güləbird kəndini azad etdik. Burada Səfiyan və Türklər kəndləri yerləşir, onları da azad etdik və Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm yaratdıq və artıq Laçın dəhlizi atəşimiz altında idi.
Laçın rayonunun, bax, bu cənub hissəsi hərbi əməliyyat nəticəsində azad edilmişdir. Eyni zamanda, əks tərəfdən - Xocavənd rayonundan Şuşa şəhərinə gedərək, dağlardan, dərələrdən keçərək uğurlu əməliyyat apara bilmişik. Biz döyüş meydanında düşməni məğlub etdik və tarixi ədaləti bərpa etdik».