Mayın 27-də Kəlbəcər rayonunda bərpa edilərək yenidən inşa edilmiş “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları işə düşüb.
FED.az xəbər verir ki, stansiyaların işə salınması mərasimində prezident İlham Əliyev iştirak edib.
“Qamışlı” Kiçik Su Elektrik Stansiyasının açılışında “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verib.
Kəlbəcəri tərk edərkən ermənilərin avadanlıqlarını daşıyaraq tamamilə dağıtdıqları “Qamışlı” Kiçik Su Elektrik Stansiyası da “AzərEnerji” tərəfindən tamamilə yenidən tikilib. Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq yaradılan 6,3 meqavat gücündə “Qamışlı” Kiçik Su Elektrik Stansiyası üçün maşın zalı inşa edilib.
Bildirildi ki, “Qamışlı” stansiyası da daxil olmaqla indiyədək azad edilən ərazilərdə tikilmiş və tikilən su elektrik stansiyalarının hər birində çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılıb. Burada boru ilə axan su da yenidən çaya buraxılır. Bütün yerlərdə, o cümlədən “Qamışlı” stansiyasında da su ehtiyatlarından səmərəli istifadə olunması, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarəolunan suqəbuledicilər tikilib. Eyni zamanda, təbii mühitin, flora və faunanın qorunması da aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə xüsusi diqqətdə saxlanılıb.
Prezident İlham Əliyev “Qamışlı” Kiçik Su Elektrik Stansiyasını işə saldı.
İki hidroaqreqatdan ibarət “Qamışlı” stansiyasında 110 kilovoltluq yarımstansiya yaradılıb. Burada enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sistemi qurulub. Stansiyada Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir hidroturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb.
“Qamışlı” Kiçik Su Elektrik Stansiyasında ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz enerjinin istehsal edilməsi nəzərdə tutulur.
“Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışında isə dövlət başçısına məlumat verildi ki, Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub.
Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub.
Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub.
“Meydan” Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib.
Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.
Prezident İlham Əliyev “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldı.
Diqqətə çatdırıldı ki, işğaldan azad olunan ərazilərdə “AzərEnerji” ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın enerji istehsal ediləcək.