Erməni işğalından azad edilmiş bütün Azərbaycan ərazilərinin minalardan tam təmizlənməsi üçün 13 ilə yaxın vaxt lazımdır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov məlumat verib. "Döyüş meydanında partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün 5-6 il, minaların zərərsizləşdirilməsi üçün 10-13 il vaxt lazım olacaq", - deyə Əhmədov bildirib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarkən əsas obyektləri - elektrik xətlərini, su ehtiyatlarını, həmçinin qəbiristanlıqları da minalayıblar ki, bu da minalardan təmizləmə işini xeyli çətinləşdirir.
Əhmədov qeyd edib ki, hazırda ərazilərin təmizlənməsi üzrə Yol Xəritəsinin hazırlanması istiqamətində iş gedir. "Xəritəyə əsasən, ilk növbədə, təxminən 14 min kv. km ərazi minalardan təmizlənməlidir ki, bunun da 3 min kv. km-i asfalt yollar, təxminən 7-8 min kv. km-i döyüş əraziləri, 4 min kv. km-i isə digər ərazilərdir", - deyə ANAMA-nın direktoru əlavə edib.