Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı yandırılıb.
Xəbər verildiyi kimi, Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçirilir. Aprelin 14-də tədbirin açılış mərasimi olub.
FED.az xəbər verir ki, tədbirdə bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə qaçaraq bayrağı daşıyan qızın əlindən bayrağı götürərək yandırıb və zaldan çıxarıb.
Mühafizəçi bayrağı aparan şəxsi tuta bilib, daha sonra içəriyə yeni bayraq gətirilib. Eyni hal Türkiyə bayrağı gətirilən zaman da baş verib, erməni azarkeşlər də zalda fit çalmağa başlayıblar.
Məlum olub ki, bayrığı yandıran və təxribat törədən erməni vandalı Aram Nikolyandır.
Azərbaycan tərəfi baş verənlərə etiraz edib. «Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik»-deyə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir: “Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.
Son məlumatlara görə, Azərbaycan bayrağına qarşı vandallıq törədən şəxs - Aram Nikolyan polisə aparılıb və ona cinayət işi qaldırılıb. «Nikolyan Malatya polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb», - deyə vəkil Aleksandr Koçubayev sosial şəbəkədə məlumat verib.
Qeyd edək ki, Azərbaycanın ağırlıq qaldırma üzrə yığma komandası Ermənistana 12 nəfərlik nümayəndə heyəti ilə gedib, amma bayraqların paradı tədbirində iştirak etməyib.