“İran şirkətləri Qarabağda bərpa işlərinə 100 milyonlarla ABŞ dolları invesitisiya qoymağa hazırdır”.
Eləcə də bax: Səfir: "Azərbaycan tezliklə İranla birlikdə traktor istehsal edəcək"
FED.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
"Qarabağı vacib hesab edirik və müasir bir regiona çevirilməsini arzulayırıq. Əvvəllər bildirdiyimiz kimi, Qarabağ islam torpağıdır, buna görə də İran həm I, həm də II Qarabağ müharibəsində Azərbaycanın yanında olub. Çox istəyirik ki, bu torpaqlar abad olsun. İranın böyük şirkətləri işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətlərini genişləndirmək istəyirlər. İranın infrastruktur layihələrində fəaliyyət göstərən şirkətləri bərpa prosesində iştirak etməyə hazırdılar və maraqlıdırlar", - deyə o, qeyd edib.
"İran Qarabağ regionuna çox yaxın məsafədə yerləşir. Bizim ölkədən azad edilmiş ərazilərə tikinti materiallarının gətirilməsi çox ucuz başa gələcək. İran Qarabağın bərpası üçün müxtəlif növ tikinti daşlarının, boruların, keramika piltələrinin və s. bu kimi tikinti materiallarının ixracını həyata keçriməyə hazırdır”, - deyə səfir əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, ölkəsi Qarabağın minalardan təmizlənməsinə də dəstək verməyə hazırdır: "İranın minalardan təmizləmə üzrə şirkətləri azad edilmiş ərazilərdə işlərə kömək etməyə hazırdır. Onlar sözügedən ərazilərdə minalardan təmizlənmə prosesində iştirakla bağlı razılıqlarını ifadə ediblər. Yaxın günlərdə bu şirkətlərin azad edilmiş ərazilərin minalardan təmizlənmə prosesində iştirakı müzakirə ediləcək”.
Xatırladaq ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qarabağda xarici investorların iştirak edəcəyi layihələr üzərində iş aparıldığını bildirib. (Report)