Erimənistan rəhbərliyi nə qədər istəsə də, cəsarət edib Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.
İspan jurnalistin: «Əgər onlar Dağlıq Qarabağın müstəqilliyini tanıyarlarsa, Sizin buna reaksiyanız necə olardı?» sualına cavab verən prezident bildirib ki, rəsmi Yerevan Qarabağın müstəqilliyi tanımaq istəsəydilər, uzun müddət bundan öncə tanıyardılar: «Nəyə görə əvvəl tanımadılar? Çünki onlar aydın başa düşürdülər ki, bu, çox məntiqsiz addım nəticəsində danışıqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr, danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə, heç nə masa üzərində olmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişə bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək istəyirdilər və deyirdilər Azərbaycan bunu etsə, biz müstəqilliyi tanıyacağıq».
Prezident əmin olduğunu bildirib ki, Ermənistan rəhbərliyinin bu addımı atmağa cəsarəti çatmız:
«Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi də deyirəm, Ermənistanın baş naziri, bu gün Dağlıq Qarabağı tanı, bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bu gün Dağlıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünki onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar».