Prezident İlham Əliyev Azərbaycanın Ermənistanın təqdim etdiyi və rəsmi İrəvanın qəbul etdiyi əsas prinsipləri açıqlayıb.
İlham Əliyevin keçirdiyi müşavirənin - TAM MƏTNİ
FED.az xəbər verir ki, 2022-ci ilin 1-ci rübünün nəticələrinə həsr olunan müşavirədə prezident bildirib ki, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb.
Dövlət başçısı deyib ki, Ermənistanın bu prinsiplərə razılığını özü də aprelin 6-da Brüsseldə Ermənistan baş naziri Paşinyanla görüşündə dəqiqləşdirib: «Brüssel görüşündə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir».
Prezident xatırladıb ki, son 30 ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistanın xarici işlər nazirləri telefonla danışıblar: «Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir».
Bundan sonra isə qarşıda duran məsələ sərhədlərin dəqiqləşdirilməsi və sülh müqaviləsi bağlanması üçün işlərin aparılması olacaq: «Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil».