Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərdə təftişə başlayacaq və vətəndaşların dağıdılan əmlakları siyahıya alınacaq.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Müdafiə Nazirliyində keçirilən müşavirədəki çıxışında bildirib.
Prezidentin hərbi müşavirədə çıxışı - TAM MƏTN
Dövlət başçısı deyib:
«İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir.
Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir».