Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
FED.az xəbər verir ki, Ağdamın kəndinin açılışı ilə bağlı tədbirlərdə əhalinin işğaldan azad olunmuş torpaqlara qayıtması ilə bağlı bəzi detallar açıqlanıb.
FED.az xatırladır ki, Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.
İşğaldan əvvəl Sarıcalıda 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb. İndi isə Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb və burada 425 ev tikiləcək. Birinci mərhələ üzrə kəndə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır və artıq 203 fərdi ev inşa olunub. Evlər 2, 3, 4 və 5 otaqlıdır. Bu kənd üçün ümumilikdə 123 hektar nəzərdə tutulub. Birinci mərhələdə 54 hektardan istifadə edilib.
Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib, daxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Sarıcalı sakinləri ilə görüşdə prezident bildirib ki, bu Ağdam sakinlərinin qayıtdığı ilk yaşayış məntəqəsidir və ümumiyyətlə sözügedən kənd keçmiş köçkünlərin qayıtdığı 13-cü yaşayış məntəqəsidir.
Bu il Ağdama digər kəndlərə qayıdış olacaq, belə ki, rayonun Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir.
Paralel olaraq yollar da yenidən qurulur, o cümlədən Ağdam-Bərdə yolu yenidən qurulub, hazırda isə Ağdam-Xankəndi yolu tikilir və o da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Eyni zamanda Ağdama dəmir yolu çəkilir və vağzal tikilir və böyük ehtimalla bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq.
Eyni zamanda Ağdamda böyük sənaye kompleksi - Ağdam Sənaye Parkı fəaliyyət göstərir: "Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək".
Bununla bərabər, bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək.
Prezident bildirib ki, kənddə yaşamaq üçün bütün şərait var: Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var».
Dövlət başçısı Sarıcalıda kənd sakinləri üçün ayrılan hşəyətyanı sahənin həcmini də açıqlayıb: «Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür - 12 sot».
O bildirib ki, ətraf ərazilərə su veriləndən sonra kəndətrafı torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq: "Sərsəng su anbarı və Suqovuşan su anbarı bu imkanı bizə yaradacaq. Sadəcə olaraq, vaxtilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Xaçınçay su anbarı artıq bərpa edilib və Suqovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Bu gün təqribən 100 min hektar suvarılmayan torpağa su gətiriləcək".