İşğaldan azad edilən ərazilərdə bərpa işləri artıq başlanıb.
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev noyabrın 20-də xalqa müraciətində bildirib.
Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb».
Dövlət başçısı bildirib ki, işlərin sürətli aparılması üçün tapşırıq verib ki, bu işlər bir deyil, bir neçə şirkətə tapşırılsın: «Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil».
İlham Əliyev deyib ki, gələcəkdə Şuşaya Xankəndidən keçməklə də getmək mmükün olacaq: «Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir».